Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Sentyabrın 23-dən etibarən Bakı metrosunun “Xocəsən” və “Avtovağzal” stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz həyata keçiriləcək.
hadiseler.info xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Qərar metro xətlərinin ayrılması layihəsi çərçivəsində sərnişinlər üçün əlavə hərəkət imkanları yaratmaq və nəqliyyat axınlarını daha səmərəli təşkil etmək amacı daşıyır. Bununla Sumqayıt, Xırdalan, Bakı-Şamaxı yolu istiqamətindəki yaşayış məntəqələri, eləcə də Abşeron və Qaradağ rayonlarından gələn sərnişinlərin “Şamaxinka” və “20 Yanvar” ərazilərinə daxil olmadan metrodan rahat istifadəsi təmin olunacaq.
Ödənişsiz hərəkət çərçivəsində “Xocəsən” və “Avtovağzal” stansiyalarından daxil olan sərnişinlər “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər pulsuz gedə biləcəklər. Eyni zamanda, aparılan təhlillər əsasında zəruri marşrutlar üzrə avtobuslar birbaşa “Xocəsən” və “Avtovağzal” stansiyalarına yönləndiriləcək. Layihənin əsas məqsədi Yaşıl, Bənövşəyi və Qırmızı xətlər arasında rahat alternativlər yaradaraq sərnişinlərin vaxt və maliyyə itkisini azaltmaq, şəhərin girişində ictimai nəqliyyatın hərəkətini optimallaşdırmaqdır.
No Comment! Be the first one.