Prezident “Brookfield Asset Management”in baş icraçı direktorunu qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də dünyanın aparıcı investisiya şirkətlərindən biri olan “Brookfield Asset Management”in baş icraçı direktoru Konnor Teskini qəbul edib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dövlət başçısının bu ilin yanvar ayında Davosda Konnor Teski ilə keçirdiyi görüş məmnunluqla xatırlanıb. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ilə “Brookfield Asset Management” arasında imzalanmış uzunmüddətli strateji əməkdaşlığa dair niyyət protokolunun mühüm əhəmiyyəti xüsusi qeyd olunub.
Söhbət zamanı Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının genişləndirilməsi perspektivləri, xüsusən enerji keçidi, bərpaolunan enerji, enerji saxlanc sistemləri və rəqəmsal infrastruktur sahələrində potensial layihələr ətraflı müzakirə edilib. Ölkəmizin zəngin enerji potensialının Azərbaycanın regional enerji mərkəzi kimi mövqeyini daha da möhkəmləndirdiyi diqqətə çatdırılıb.
Qeyd edək ki, idarə etdiyi aktivlərin həcmi 1 trilyon ABŞ dollarından çox olan “Brookfield” şirkəti qlobal miqyasda enerji, telekommunikasiya, rəqəmsal infrastruktur, nəqliyyat və digər real aktivlərin nəhəng sahibi və operatorudur. Şirkətin infrastruktur platformasına 308 mindən çox telekommunikasiya obyekti, 77 min kilometr fiber-optik şəbəkə, 150 data mərkəzi, 36 min 300 kilometrlik dəmir yolu şəbəkəsi və 3200 kilometr ödənişli avtomobil yolu daxildir. Şirkətin kommunal infrastruktur sahəsindəki fəaliyyəti dünya üzrə 10 milyondan çox istehlakçıya xidmət edir.




No Comment! Be the first one.