Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək
Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin iclası keçirilib.
hadiseler.info xəbər verir ki, iclasda əvvəlcə 27 Sentyabr – Anım Günü ilə bağlı torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mətbuat Şurasının sədri Rəşad Məcid sonuncu VIII qurultaydan 4 il keçdiyini bildirərək, Nizamnaməyə uyğun olaraq IX qurultayın keçirilməsi və Təşkilat Komitəsinin (TK) formalaşdırılması təklifini irəli sürüb. Müzakirələrin nəticəsində Azərbaycan Jurnalistlərinin IX qurultayının bu il oktyabrın 15-də təşkili barədə yekun qərar qəbul olunub.
Qurultayda gündəlik qəzet və informasiya agentliklərindən 2, həftəlik qəzet, jurnal, xəbər saytı və jurnalist təşkilatlarından isə 1 nümayəndə iştirak edəcək. Üzv təşkilatlar oktyabrın 12-dək nümayəndələrinin və İdarə Heyətinə namizədlərinin adlarını MŞ-nin “presscouncil.az” saytında yaradılacaq xüsusi bölmə vasitəsilə TK-ya təqdim etməlidirlər.
23 nəfərdən ibarət İdarə Heyətinin (14 jurnalist, 9 ictimaiyyət nümayəndəsi) və Nəzarət-Təftiş Komissiyasının üzvləri ilə yanaşı, Ahıl Jurnalistlər Məclisinin üzvləri və Vətən müharibəsi iştirakçısı olmuş bir qrup jurnalist də qurultayda səs hüququ ilə iştirak edəcək.
İclasda həmçinin vurğulanıb ki, Mətbuat Şurasına üzvlük haqqı borcu olan təşkilatların qurultayda iştirakı məhdudlaşdırıla bilər. Bu səbəbdən Təşkilat Komitəsi üzv qurumları borclarını ödəməyə çağırıb.
No Comment! Be the first one.