Ukraynadan olan 30 uşaq sosial-psixoloji reabilitasiya üçün Azərbaycana gətirilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Ukraynadan daha 30 uşaq sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilmək üçün Azərbaycana gətirilib.
hadiseler.info xəbər verir ki, uşaqlar Agentliyin tabeliyində olan Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunacaqlar.
Proqram çərçivəsində azyaşlılar üçün fərdi psixoloji konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələləri, müalicəvi masaj, müalicəvi hovuz və vanna, eləcə də art-terapiya xidmətləri təşkil olunacaq. Həmçinin uşaqların Şəki və Şamaxı şəhərlərindəki tarixi yerlərə, muzeylərə ekskursiyalarının keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Sosial Xidmətlər Agentliyi tərəfindən ötən dövrdə Ukraynadan 500-dək uşaq və gənc ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.
No Comment! Be the first one.