Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır
Azərbaycan Universiteti ilə Pakistanın Northern Universiteti arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
hadiseler.info xəbər verir ki, sənədi Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva və Northern Universitetinin prezidenti Taha Jamil Sawar imzalayıblar.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə ali təhsil müəssisələri arasında akademik, elmi və institusional əlaqələrin qurulması, eləcə də birgə fəaliyyət istiqamətləri və inkişaf perspektivləri müzakirə olunub. Səadət Əliyeva rəhbərlik etdiyi universitetin beynəlxalq reytinqlərdəki mövqeyi və əlaqələrin genişləndirilməsi hədəfləri barədə məlumat verib. Öz növbəsində Taha Jamil Sawar Pakistanın ali təhsil sistemi, əmək bazarının tələbləri, xüsusilə informasiya texnologiyaları, süni intellekt, kibertəhlükəsizlik və tibb sahələrinə olan yüksək maraqdan bəhs edib.
Görüşdə həmçinin Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımov, rektorun müşaviri Nüşabə Quliyeva və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova iştirak ediblər.
İmzalanan Memorandumun əsas məqsədi qarşılıqlı maraq doğuran istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsidir. Sənəddə müəllim-tələbə mübadiləsinin aparılması, akademik mobilliyin artırılması, birgə elmi tədqiqatların və akademik tədbirlərin təşkili nəzərdə tutulur.






No Comment! Be the first one.