İlham Əliyev: “Belə davam edərsə, Xəzərin dayazlaşmasının fəlakətli nəticələri ola bilər”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı Xəzər dənizinin dayazlaşması probleminin ciddi ekoloji və iqtisadi təhlükələrinə diqqət çəkib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı Xəzərin səviyyəsinin aşağı düşməsinin artıq uzun illərdir davam etdiyini və son vaxtlar bu prosesin nəzərəçarpacaq dərəcədə sürətləndiyini bildirib. Prezidentin sözlərinə görə, dəniz səthinin ümumi sahəsi artıq 20 min kvadratkilometrdən çox azalıb və təkcə Xəzərin Azərbaycan hissəsində təxminən 30 min hektar torpaq sahəsi əmələ gəlib.
Dövlət başçısı vurğulayıb ki, mövcud tendensiyanın davam edəcəyi təqdirdə nəticələr fəlakətli ola bilər. Bu problem yalnız ekoloji deyil, həm də sahil ərazilərində yaşayan insanların həyatına, iqtisadiyyata, nəqliyyata, limanlara və sahil infrastrukturuna birbaşa təsir göstərir.
Prezident İlham Əliyev qeyd edib ki, dayazlaşmanın əsas səbəbləri yalnız iqlim dəyişmələri ilə bağlı deyil, həm də çay axınının azalması və kənd təsərrüfatı fəaliyyəti kimi antropogen amillərdir.
Hələ 2022-ci ildə Aşqabadda keçirilən VI Xəzər Sammitində xüsusi ekspert qruplarının yaradılmasını təklif etdiyini xatırladan dövlət başçısı, artıq problemin ümumi müzakirəsindən daimi əməkdaşlıq və qərarların icrasına nəzarət mexanizminin yaradılmasına keçməyin zəruri olduğunu qeyd edib.
No Comment! Be the first one.