Prezident “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 6-cı Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.
hadiseler.info xəbər verir ki, dövlət başçısı müraciətində Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini vurğulayıb.
Prezident bildirib ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində indiyədək dövlət büdcəsindən bərpa və yenidənqurma işlərinə 25.5 milyard manat vəsait ayrılıb. Minalardan təmizlənmiş 300 min hektardan çox ərazidə infrastruktur bərpa olunub, 47 yaşayış məntəqəsinə 40 mindən çox insan qayıdıb. Hazırda işğaldan azad edilmiş torpaqlarda 100 minə yaxın insan yaşayır, təhsil alır və fəaliyyət göstərir.
Müraciətdə regionda inşa edilən nəqliyyat, energetika və sosial infrastruktur obyektlərinə, o cümlədən Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanlarına, 1500 km-ə yaxın yeni yollara, Murovdağ tunelinə, Horadiz–Ağbənd dəmir yolu xəttinə, eləcə də Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universitetinə xüsusi diqqət çəkilib.
Dövlət başçısı “Rebuild Garabagh” və “BakuBuild” sərgilərinin qabaqcıl təcrübənin paylaşılması və yeni işgüzar tərəfdaşlıqların qurulması baxımından strateji əhəmiyyət kəsb etdiyini vurğulayaraq sərgi iştirakçılarına uğurlar arzulayıb.
No Comment! Be the first one.