İstanbulda sel canlar almağa başladı: İki nəfər həyatını itirdi
Türkiyənin İstanbul şəhərində tüğyan edən güclü leysan yağışları faciə ilə nəticələnib.
hadiseler.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, aramsız yağışlar nəticəsində küçələri, evləri və iş yerlərini su basıb, nəqliyyatın hərəkəti iflic olub.
Təbii fəlakət zamanı iki nəfər həyatını itirib. Fatih rayonunda parkdakı su gölməçəsinə daxil olan 14 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.
Digər bədbəxt hadisə isə Sarıyer rayonunda baş verib. Sel sularının axdığı küçədə yolun qarşı tərəfinə keçmək istəyən 34 yaşlı şəxsin ayağı sürüşərək yıxılıb. Başı səkiyə dəyən şəxs ətrafdakı insanların köməyi ilə xəstəxanaya aparılsa da, həkimlərin səylərinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, olumsuz hava şəraitinin davam etməsi səbəbindən İstanbulda məktəblərdə dərslər dayandırılıb, əhaliyə vacib olmadıqca küçəyə çıxmamaq tövsiyə edilib.
No Comment! Be the first one.