Ərdoğan: “Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Osman Gazi” üzən istehsal platformasının fəaliyyətə başlaması münasibətilə mühüm bəyanatlar verib.
hadiseler.info “Haber Global”a istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı platformanın yola salınması mərasiminə göndərdiyi videomesajda bu günü ölkənin energetika sahəsində tarixi dönüm nöqtəsi kimi qiymətləndirib.
Rəcəb Tayyib Ərdoğan çıxışında vurğulayıb:
“Bu gün enerji tariximizdə yeni bir səhifə açırıq. Sanki üzən sənaye müəssisəsi olan “Osman Gazi”ni iş yerinə — Qara dənizə yola salırıq. ‘Osman Gazi’ Türkiyə Əsri vizyonumuzun dənizlərdəki təzahürü olan ‘Mavi Vətən’in ilk fabrikidir. Üzərindəki 21 fərqli qurğusu ilə Sakarya Qaz Sahəsindəki quyulardan əldə etdiyi qazı emal edəcək və sualtı borular vasitəsilə Filyosa göndərəcək. Qara dənizdəki təbii qaz hasilatımız ikiqat artaraq, gündə 20 milyon kubmetrə çatacaq və 2027-ci ildən etibarən hər üç ev təsərrüfatından biri yerli təbii qazımızdan istifadə edəcək”.
Qeyd edək ki, Sakarya Qaz Sahəsində təbii qaz istehsalını iki dəfə artıracaq Türkiyənin ilk üzən istehsal platforması “Osman Gazi” Filyosda keçirilən təntənəli mərasimlə “Mavi Vətən”dəki xidmət yerinə yola salınıb.
Qara dənizdə 20 il müddətində fasiləsiz fəaliyyət göstərəcək platformanın əsas məqsədi Sakarya Qaz Sahəsindəki gündəlik təbii qaz hasilatını 9,5 milyon kubmetrdən 20 milyon kubmetrə çatdırmaqdır.
No Comment! Be the first one.