İki evin təmiri üçün 1.3 milyon manat alan şirkət rəhbəri tutuldu
Tikinti və təmir adı altında vətəndaşların külli miqdarda pulunu ələ keçirən şirkət rəhbəri polis əməkdaşları tərəfindən saxlanılıb.
hadiseler.info xəbər verir ki, Daxili İşlər Nazirliyinə (DİN) tikinti-təmir işlərinin görülməsi bəhanəsi ilə vətəndaşların vəsaitlərinin mənimsənilməsi barədə daxil olan müraciətlər əsasında araşdırmalara başlanılıb.
Aparılan istintaq tədbirləri zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evinin təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin öhdəlikləri yerinə yetirmədiyi müəyyən edilib. Məhkəmə-tikinti ekspertizasının rəyinə əsasən, həmin ünvanda faktiki görülmüş işlərin dəyəri cəmi 317 min 160 manat təşkil edib, qalan iri məbləğdə vəsait isə E.Əliyev tərəfindən mənimsənilib.
Bundan başqa, şirkət rəhbərinin digər bir vətəndaşdan tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxlayaraq dələduzluq etdiyi ortaya çıxıb. Həmin şəxs də istintaq orqanı tərəfindən zərərçəkmiş qismində tanınıb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan Elsevər Əliyev istintaq orqanlarından gizləndiyi üçün barəsində rəsmi axtarış elan olunub.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Əliyevin yeri müəyyən edilərək tutulub və istintaqa təhvil verilib. Hazırda faktla bağlı genişmiqyaslı araşdırmalar davam etdirilir.
No Comment! Be the first one.