ABŞ diplomatlarını Səudiyyə Ərəbistanından çıxarır
ABŞ Dövlət Departamenti bəzi amerikalı diplomatların və onların ailə üzvlərinin Səudiyyə Ərəbistanını tərk etməsi barədə qərar qəbul edib.
hadiseler.info xəbər verir ki, bu barədə qurumun mətbuat katibi Tommi Piqott “X” hesabında bəyanat yayıb.
T.Piqott diplomatların təxliyəsi qərarını Yəmənin “Ənsar Allah” hərəkatının (husilər) Səudiyyə Ərəbistanındakı mülki və strateji obyektlərə təşkil etdiyi hücumlarla əlaqələndirib. O bildirib ki, husilərin hava limanlarına və infrastruktur obyektlərinə endirdiyi zərbələr dinc əhali arasında itkilərə və logistika sahəsində ciddi problemlərə yol açır.
Eyni zamanda, ABŞ rəsmisi diplomatların Fars körfəzinin bütün ölkələrindən çıxarılacağı barədə yayılan iddiaları təkzib edib.
ABŞ-nin Ər-Riyaddakı səfirliyi isə raket və PUA hücumları səbəbindən ölkədəki hava limanlarından istifadənin riskli olduğu barədə xəbərdarlıq yayıb.
Qeyd edək ki, husilərin oktyabrın 22-də Səudiyyə Ərəbistanının Dammam şəhərində yerləşən Kral Fəhd Beynəlxalq Hava Limanına həyata keçirdiyi son hücum nəticəsində 1 nəfər həlak olub, 8 nəfər yaralanıb.
No Comment! Be the first one.