Zəfərdən sonra 132 min nəfərə sosial dəstək göstərilib – Altı ilin rəqəmləri açıqlandı
Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən ötən dövr ərzində şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı genişmiqyaslı sosial dəstək paketi həyata keçirilib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan proqramlar çərçivəsində postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı 5 dəfə genişlənib.
Bu kateqoriyadan olan şəxslərə həmin dövrdə 7354 mənzil və fərdi ev, həmçinin 586 avtomobil təqdim olunub. Ümumilikdə isə ötən müddətdə 16 mindən çox mənzil, 7700-dən çox avtomobil verilib. Eyni zamanda, 106 min şəxsə aylıq sosial ödənişlər üzrə 120 min xidmət göstərilib, 26 min şəxsə isə birdəfəlik ödəmə təyin edilib.
Şəhid ailələri üzvlərinin və müharibə iştirakçılarının məşğulluğunun təmin edilməsi istiqamətində də mühüm addımlar atılıb. Qələbədən ötən altı il ərzində 31 min şəxsin məşğulluğu təmin edilib, o cümlədən 13,9 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
Bundan əlavə, müharibə ilə əlaqədar əlilliyi olan 2527 şəxsə 110 min reabilitasiya vasitəsi, o cümlədən əzalarını itirmiş 500 hərbçiyə 626 yüksək texnologiyalı, son nəsil protezlər verilib. Aparılan uğurlu reabilitasiya tədbirləri nəticəsində qazilərimizdən təqribən 450 nəfəri əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
Ümumilikdə, postmüharibə dövründə həyata keçirilən hərtərəfli sosial dəstək paketi 132 min şəxsi əhatə edib və bu kateqoriyadan olanlara 449 min xidmət göstərilib.
No Comment! Be the first one.