İlham Əliyev Donald Trampla telefonla danışıb
Avqustun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp arasında telefon danışığı olub. Hadisələr.info xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Söhbət zamanı Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə məmnunluq ifadə olunub. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin və Azərbaycanla Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulması ilə bağlı sazişin paraflanmasının regionda münaqişəyə son qoyduğu və sülhü təsbit etdiyi vurğulanıb. Dövlət başçısı sülh gündəliyinə verdiyi töhfələrə görə Donald Trampa minnətdarlığını bildirib, ABŞ Prezidenti isə İlham Əliyevin sülh prosesindəki rolunu yüksək qiymətləndirib.
Ötən bir il ərzində regionda sabitliyin təmin olunduğu, Azərbaycanın neft məhsullarının Ermənistana ixracı, tranzit yüklərin daşınması və ticarət əlaqələrinin başlanması müsbət addımlar kimi dəyərləndirilib. Həmçinin TRIPP layihəsinin regional bağlantılar baxımından əhəmiyyəti qeyd olunub.
Azərbaycan-ABŞ strateji tərəfdaşlığı
Telefon danışığı əsnasında dövlət başçıları ikitərəfli gündəliyə aid məsələləri də geniş müzakirə ediblər.
Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib və münasibətlərin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı bildirilib.
No Comment! Be the first one.