Bakıda dəhşətli qətl: Oğul anasını öldürdü, meyitini həyətdə basdırdı
Bakıda ötən il itkin düşmüş qadının qəsdən öldürüldüyü üzə çıxıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dəhşətli cinayətin üstü açılıb.
hadiseler.info xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Penitensiar Xidmətin birgə əməliyyatı ilə 1954-cü il təvəllüdlü Lyudmila Timofeyevanın qətlə yetirildiyi müəyyən edilib.
İbtidai istintaqla 1994-cü il təvəllüdlü Elnur Məmmədovun 2025-ci ilin iyulunda Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən evdə aralarında yaranan mübahisə zamanı anasını yumruq və təpiklərlə ağır şəkildə döydüyü, yetirilən xəsarətlərdən qadının öldüyü bildirilir. E.Məmmədov cinayəti gizlətmək məqsədilə anasının meyitini yaşadığı fərdi evin həyətində basdırıb.
Məhkəmə-tibbi ekspertlərinin iştirakı ilə evin həyətində aparılan qazıntı işləri zamanı insana aid skelet qalıqları aşkarlanaraq götürülüb.
Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, Elnur Məmmədova ittiham elan olunub. Zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
No Comment! Be the first one.