Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
2026-cı ildə payız fəsli Azərbaycana sentyabrın 23-də Bakı vaxtı ilə saat 04:05:08-də qədəm qoyacaq.
hadiseler.info xəbər verir ki, bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.
Həmin an astronomiyada “payız bərabərliyi” adlanır. Bu zaman gecə ilə gündüz demək olar ki, bərabərləşir, Günəş düz şərqdə doğub, qərbdə batır. Lakin atmosfer refraksiyası və Günəş diskinin bucaq ölçüsü səbəbindən gündüzün uzunluğu tam olaraq 12 saat olmur, gecədən bir qədər artıq təşkil edir. Günəş illik hərəkəti zamanı göy ekvatorunu kəsərək Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində payız, Cənub yarımkürəsində isə yaz fəsli başlayır.
Mütəxəssislər bildirir ki, fəsillərin dəyişməsi Yerin Günəşdən məsafəsinin dəyişməsi ilə deyil, Yerin Günəş ətrafında hərəkəti və fırlanma oxunun orbit müstəvisinə təxminən 66.56° meyilli olması ilə bağlıdır.
2026-cı ildə astronomik payız 89 gün 21 saat 45 dəqiqə 1 saniyə davam edəcək və 22 dekabrda baş verəcək qış günəşduruşu ilə başa çatacaq.
No Comment! Be the first one.