Arxeoloqlar Tava-Təpədəki qədim mərasim kompleksinin Qafqaz üçün unikallığını sübut etdi
Azərbaycanın Ağstafa rayonunda yerləşən qədim “Tava-Təpə” yaşayış məskənində aparılan arxeoloji qazıntıların nəticələri Qafqazın qədim cəmiyyətlərinin dini və məişət həyatı barədə yeni faktları üzə çıxarıb. Hadisələr.info İspaniyanın “La Brújula Verde” elmi nəşrinə istinadən xəbər verir ki, burada aşkar edilən 3,2 min il yaşı olan mərasim mətbəxi Qafqaz arxeologiyasında analoqu olmayan unikal tapıntıdır.
Qeyd edək ki, Kataniya Universiteti (İtaliya) bu istiqamətdə tədqiqatları Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə sıx əməkdaşlıq çərçivəsində aparır.
Eramızdan əvvəl 1300–1000-ci illərə aid edilən bu qədim tikili 2024-cü ildə aşkar edilib. Əvvəlcə mütəxəssislər tərəfindən sadə bir təsərrüfat tikilisi hesab edilsə də, son qazıntıların nəticələri göstərib ki, bu, nəsillər boyu qorunan uzunmüddətli tikinti və mərasim ənənəsinin ən son parçasıdır.
Çünki Kataniya Universitetinin professoru Nikola Lanerinin rəhbərliyi ilə həyata keçirilən son qazıntılar tikilinin təsadüfi olmadığını sübut edib. Həmçinin arxeoloqlar tikilinin mərkəzində xüsusi dairəvi manqal və terras aşkar ediblər ki, bu da yeməklərin əsas hazırlıq məkanı hesab olunur.
Qədim ziyafətlər və sirli keramika möhürləri
Manqalın ətrafında toplanan böyük keramik qablar və sobanın daxilindəki yüzlərlə piyalə, əşyaların təsadüfi yerləşdirilmədiyini göstərir. Tədqiqatçıların ehtimalına görə, bu düzülüş mərasim məkanının hər yenidənqurmasından əvvəl xüsusi bir ayinin icra edildiyini təsdiqləyir.
Beynəlxalq ekspertlərin ilkin analizləri qabların daxilində balla şirinləşdirilmiş darı sıyığının və öküz ətinin hazırlandığını üzə çıxarıb. Eyni zamanda, aşkar edilən naxışlı keramika möhürləri (pintaderlər) çörək xəmirlərinə işarələrin vurulmasında istifadə edilib.
Bundan başqa, “Tava-Təpə” müxtəlif icmaların birgə qidalanmaq və sosial əlaqələri möhkəmləndirmək üçün toplandığı mühüm mərkəz olub.




No Comment! Be the first one.