Azərbaycanla Müqəddəs Taxt-Tac arasında tarixi sənəd imzalandı
Oktyabrın 26-da Vatikanda Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında Anlaşma Memorandumu imzalanıb. Bu, Vatikan tarixində dini mərkəz ilə imzalanan ilk belə sənəddir – Müqəddəs Taxt-Tac bu günə qədər əsasən dövlət təsisatları ilə analoji memorandumlar imzalayıb.
hadiseler.info xəbər verir ki, sənədi Müqəddəs Taxt-Tac adından Dinlərarası Dialoq üzrə Dikasteriyanın prefekti Kardinal C.Kuvakad, Azərbaycan tərəfdən isə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə imzalayıblar.
Kardinal Kuvakad sənədin dinlərarası dialoqun dərinləşdirilməsi istiqamətində mühüm addım olduğunu vurğulayıb, Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevlə görüşünü xatırladaraq ölkəmizdə sülhün və harmoniyanın yüksək səviyyədə təşviq edildiyini bildirib.
Öz növbəsində, Bütün Qafqazın şeyxi Allahşükür Paşazadə Prezident İlham Əliyevin salamlarını qarşı tərəfə çatdırıb. O, Azərbaycanda bütün dinlər üçün bərabər və tamhüquqlu şəraitin yaradıldığını, Bakıda inşa edilən və 2027-ci ildə tamamlanması nəzərdə tutulan Katolik Kilsəsinin əhəmiyyətini diqqətə çatdırıb, həmçinin Vatikanın Azərbaycanda nunsiaturasının (səfirliyinin) yaradılmasının vacibliyini qeyd edib.
Görüşdə, eyni zamanda, Vatikanın “Vatican News” agentliyində bəzən erməni mənbələrinə əsaslanan yanlış məlumatların yayıldığı diqqətə çatdırılıb və bununla bağlı əsaslı dəlillər təqdim edilib. Kardinal Kuvakad məsələni dərhal aidiyyəti qurumların diqqətinə çatdıracağını və problemin aradan qaldırılacağını bildirib. A.Paşazadə həmçinin Azərbaycan alimlərinə Vatikan kitabxanalarında yaradılmış şəraitə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, 4 fevral 2019-cu il tarixli “Dünya Sülhü və Birgə Yaşayış üçün İnsan Qardaşlığı Sənədi”nə istinadən həyata keçirilən ilk təşəbbüs olan bu Memorandum dinlərarası dialoqun təşviqində Azərbaycanın tolerant mövqeyini bir daha nümayiş etdirir. Sənədin müddəalarının icrası məqsədilə Dialoq üzrə Daimi Birgə Komitə də təsis olunacaq. Xatırladaq ki, bu razılaşma cari ilin iyun ayında Kardinal Corc Ceykob Kuvakadın Azərbaycana səfəri zamanı əldə edilmişdi.
No Comment! Be the first one.