Ceyhun Bayramov LLDCs toplantısında: Azərbaycan əsas tranzit və enerji qovşağına çevrilib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr Qrupunun (LLDCs) xarici işlər nazirlərinin 25-ci illik nazirlər toplantısında çıxış edib.
hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) “X” sosial şəbəkə hesabında paylaşım edilib.
Nazir Ceyhun Bayramov vurğulayıb ki, uzunmüddətli strateji sərmayələr və davamlı regional tərəfdaşlıqlar sayəsində Azərbaycan dənizə çıxışı olmayan coğrafi mövqeyini Şərq-Qərb və Şimal-Cənub dəhlizlərini birləşdirən əsas logistika, tranzit və enerji qovşağına uğurla çevirib.
Çıxış zamanı tranzitin rəqəmsallaşdırılması, sadələşdirilmiş gömrük prosedurları və “Mərkəzi Asiya–Azərbaycan Yaşıl Enerji Dəhlizi” kimi inteqrasiya olunmuş enerji-rəqəmsal əlaqələrin zəruriliyi diqqətə çatdırılıb. XİN rəhbəri nəqliyyat, enerji və rəqəmsal infrastrukturun birləşdirilməsinin daha dayanıqlı qlobal ticarət arxitekturası yaratdığını bildirib.
Sülhün davamlı əlaqəlilik üçün əvəzolunmaz şərt olduğunu qeyd edən Ceyhun Bayramov, Azərbaycan və Ermənistan arasında 2025-ci il avqustun 8-də imzalanmış Vaşinqton sazişlərini və regional, eləcə də qlobal tranzit şəbəkələrini genişləndirəcək TRIPP təşəbbüsünü iclas iştirakçılarının diqqətinə çatdırıb.
No Comment! Be the first one.