Dövlət maliyyəsinin idarə edilməsində yeni mexanizm tətbiq olunacaq
hadiseler.info xəbər verir ki, Dövlət maliyyəsinin idarə edilməsində yeni mexanizm tətbiq olunacaq.
Bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
Onun sözlərinə görə, büdcə zərfində məqsədli büdcə fondlarının ləğv edilməsi də nəzərdə tutulur: “Mövcud təcrübənin təhlili gösterir ki, bəzi məqsədli büdcə fondlarının vəsaitlərinin dövlət büdcəsi ilə paralel idarə olunması fiskal planlaşdırma, resursların bölgüsü, xəzinə icrası, hesabatlılıq və maliyyə nəzarəti baxımından əlavə çətinliklər yaradır. Xüsusilə infrastrukturu və investisiya xarakterli tədbirlərin maliyyələşdirilməsinə xidmət edən bəzi fondların ümumi büdcə çərçivəsindən kənar idarə olunması dövlət maliyyəsinin vahidlik və tamlıq prinsiplərinin tətbiqini məhdudlaşdırır, büdcə resurslarının prioritetlər üzrə sistemli bölgüsünü çətinləşdirir və vəsaitlərin istifadəsinə nəzarət imkanlarını zəiflədir. Məlum olduğu kimi, Azərbaycan Prezidentinin iki ay əvvəl imzaladığı müvafiq Fərmanla məqsədli büdcə fondlarının ləğv edilməsi tapşırılıb”.
A.Qasımov qeyd edib ki, layihənin qəbul edilməsi nəticəsində məqsədli büdcə fondlarının vəsaitlərinin idarə olunması mexanizmləri təkmilləşdiriləcək, onların iqtisadi mahiyyətinə və funksional təyinatına uyğun daha səmərəli maliyyə idarəetmə modeli tətbiq ediləcək: “Bununla yanaşı, büdcə vəsaitlərinin təyinatı üzrə istifadəsinə nəzarət güçləndiriləcək, dövlət büdcəsi ilə birbaşa əlaqəli maliyyə axınlarının büdcədə cəmləşdirilməsi hesabına fiskal planlaşdırmanın keyfiyyəti artırılacaq. Həmçinin büdcə və büdcədənkənar vəsaitlər arasında funksional bölgü daha dəqiq müəyyənləşdiriləcək”.
No Comment! Be the first one.