Emoməli Rəhmon İlham Əliyevə təşəkkür etdi: “AQEM daha effektiv rol oynamağa qadirdir”
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxış edən Tacikistan Prezidenti Emoməli Rəhmon sammitin təşkilatçılığına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
hadiseler.info “Report”a istinadən xəbər verir ki, Tacikistan dövlət başçısı göstərilən yüksək qonaqpərvərliyə görə Azərbaycan Prezidenti İlham Əliyevə xüsusi təşəkkür edib:
“Bugünkü sammitin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə hörmətli İlham Əliyevə minnətdarlığımı bildirirəm. Hazırkı görüşümüz beynəlxalq vəziyyətin mürəkkəb və həssas olduğu, geosiyasi rəqabətin, münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlərin sabitliyinə ciddi təsir göstərdiyi şəraitdə keçirilir”.
“Uzunmüddətli sülh üçün beynəlxalq hüquq prinsiplərinə riayət vacibdir”
Tacikistan prezidenti, həmçinin Laosu AQEM-ə tamhüquqlu üzv seçilməsi münasibətilə təbrik edib.
Emoməli Rəhmon mövcud qlobal şəraitdə uzunmüddətli sülh və sabitliyin təmin olunması üçün suverenliyə hörmətin, etimadın və beynəlxalq hüquq prinsiplərinə riayət edilməsinin zəruriliyini vurğulayıb:
“Tacikistan beynəlxalq münasibətlərin çoxqütblü sisteminin möhkəmləndirilməsini və dövlətlər arasında yaradıcı əməkdaşlığın inkişafını dəyişməz şəkildə dəstəkləyir. Əminik ki, AQEM qitə ölkələri arasında dialoq platforması kimi daha da effektiv rol oynamağa qadirdir”.
No Comment! Be the first one.