Ermənilərin Gəncəni üçüncü dəfə raket atəşinə tutmasından altı il ötür
İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən üçüncü dəfə raket hücumuna məruz qalmasından altı il ötür.
hadiseler.info xəbər verir ki, 2020-ci il oktyabrın 8-də gecə saatlarında Azərbaycanın ikinci ən böyük şəhəri dinc sakinlərin yaşadığı ərazilərdən növbəti dəfə atəşə tutulub.
Əvvəlki iki hücumdan fərqli olaraq, bu, gecə saatlarında Gəncəyə endirilən ilk raket zərbəsi olub. Hücum nəticəsində həlak olan və yaralanan olmasa da, dinc sakinlərin evlərinə və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Qeyd edək ki, Vətən müharibəsi gedişində Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə ümumilikdə beş dəfə (4, 5, 8, 11 və 17 oktyabr tarixlərində) raket və ağır artilleriya ilə hücum edilib. Bu terror aktları nəticəsində 26 nəfər dinc sakin şəhid olub, 175 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan vurulub.
İkinci Qarabağ müharibəsində Ermənistanın hərbi təcavüzü nəticəsində ümumilikdə 12-si uşaq, 27-si qadın olmaqla 93 mülki şəxs həlak olub, 454 dinc sakin yaralanıb. Həmçinin 12 292 yaşayış və qeyri-yaşayış sahəsinə, 288 nəqliyyat vasitəsinə ziyan dəyib, 1 018 fermer təsərrüfatı üzrə zərər faktı qeydə alınıb.
No Comment! Be the first one.