FHN gözlənilən qeyri-sabit hava ilə bağlı əhaliyə xəbərdarlıq edib
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən əlverişsiz hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edərək təhlükəsizlik qaydalarına əməl etməyə çağırıb.
hadiseler.info xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, yaxın günlərdə havanın qeyri-sabit və yağıntılı keçəcəyi, bəzi yerlərdə intensiv olacağı, dağ çaylarından sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
FHN yarana biləcək təhlükələrdən korunmaq üçün aşağıdakı təhlükəsizlik qaydalarını xatırladır:
Sel və daşqın təhlükəsi: İntensiv yağışlar zamanı sel və daşqın riski olan ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda dərhal yaxınlıqdakı yüksəkliklərə qalxmaq və xilasedicilərin tövsiyələrinə əməl etmək lazımdır.
Güclü külək: Yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəkləri və naqillərindən, habelə hündür ağaclardan uzaq durmaq tövsiyə olunur. Kiçikhəcmli gəmi istifadəçilərinə belə havalarda dənizə çıxmağın qadağan olduğu xatırladılır.
İldırım təhlükəsi: İldırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada elektrik xətti, navalça, antena və hündür ağacların altında daldalanmamaq tapşırılır. Avtomobildə olduqda isə hərəkəti dayandırıb şüşələri qaldıraraq ildırımın bitməsini gözləmək lazımdır.
No Comment! Be the first one.