Hikmət Hacıyev: “Azərbaycan Cənubi Qafqazda ABŞ-nin etibarlı tərəfdaşıdır”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda “Newsmax” nəşrinin baş direktoru Kristofer Raddiyə eksklüziv müsahibə verib.
hadiseler.info xəbər verir ki, H.Hacıyev ABŞ Prezidenti Donald Trampın Azərbaycan və Ermənistan arasında münaqişəyə son qoymaq istiqamətindəki fəaliyyətinin Vaşinqton–Bakı əlaqələrində yeni mərhələnin əsasını qoyduğunu bildirib.
Müsahibədə vurğulanan əsas məqamlar:
Tarixi Vaşinqton Görüşü: 2025-ci il avqustun 8-də Ağ Evdə D.Tramp, Prezident İlham Əliyev və Nikol Paşinyan arasında tarixi bəyannamə imzalanıb. H.Hacıyev bu nailiyyəti Yaxın Şərqdəki Kemp-Devid razılaşmaları ilə müqayisə edib.
Strateji Coğrafi Mövqe: Azərbaycan Rusiya, İran və Naxçıvan vasitəsilə Türkiyə ilə həmsərhəddir; Mərkəzi Asiyanı Avropaya bağlayan həlledici körpüdür. Bu moqve Bakını təhlükəsizlik, enerji və regional sabitlik məsələlərində mərkəzə çevirir.
İran və Regional Diplomatiya: Bakı regionda gərginliyin azaldılması üçün sülh yolunu dəstəkləyir, İranın daxili işlərinə qarışmamaq siyasətinə sadiqdir.
İsrail ilə Sıx Əlaqələr: Müdafiə, texnologiya, təhsil və kənd təsərrüfatı sahələrində strateji tərəfdaşlıq mövcuddur. Azərbaycanda əsrlər boyu yaşayan yəhudi icmasının rolunu vurğulayan H.Hacıyev ölkədə heç vaxt antisemitizm halının qeydə alınmadığını diqqətə çatdırıb.
Ukrayna Münaqişəsi: Rusiya-Ukrayna müharibəsi faciə kimi dəyərləndirilib və Prezident İlham Əliyevin hər iki tərəflə ünsiyyət imkanlarının Azərbaycanı faydalı vasitəçiyə çevirə biləcəyi qeyd olunub.
Enerji Təhlükəsizliyi: Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edərək Avropanın enerji təhlükəsizliyinə töhfə verir.
ABŞ ilə Yeni ERA: Tramp administrasiyası 907-ci düzəlişin məhdudiyyətlərini ləğv edib. ABŞ Vitse-prezidenti Cey Di Vensin Azərbaycana səfəri zamanı yeni strateji tərəfdaşlıq sənədi imzalanıb.
H.Hacıyev fikrini “Azərbaycan Birləşmiş Ştatların etibarlı və inamlı tərəfdaşı olaraq qalmaqdadır” sözləri ilə yekunlaşdırıb.
No Comment! Be the first one.