Hikmət Hacıyev: “Sülh sazişi kağız üzərində olmamalıdır”
“Sülh sazişi imzalana bilər, amma bu, tək kağız üzərində olmamalıdır”.
hadiseler.info xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Mədəniyyət və Media Dialoqu Platforması” çərçivəsində keçirilən “Sülhün dili və dezinformasiyaya qarşı mübarizə” mövzusunda xüsusi sessiyada deyib.
Prezidentin köməkçisinin sözlərinə görə, imzalanacaq saziş insanların həyatına mütləq real töhfə verməlidir:
“Azərbaycan Prezidenti İlham Əliyev bu təşəbbüslə çıxış edir. Düşünün, Azərbaycanın 30 il ərzində mədəni-tarixi abidələri dağıntılar altında qalıb, insanları köçkün düşüb. Bütün bunların fonunda Prezident İlham Əliyev münaqişədən sonra da sülh təşəbbüsü ilə çıxış edib. Sazişin bütün fundamental tələbləri Azərbaycanda icra edilir. Biz revanş almaq niyyətində deyilik. Sülh sazişinin imzalanması bu istiqamətdə mühüm addımdır. Bununla belə, uzunmüddətli və davamlı sülhün təmin olunması üçün əlavə addımlar atılmalı, müxtəlif təşəbbüslər həyata keçirilməlidir”.
Hikmət Hacıyev vurğulayıb ki, Azərbaycan xalqı münaqişə dövründə mədəni və dini irsinin dağıdılması, digər dəyərlərinə zərər vurulması ilə üzləşib: “Hesab edirik ki, Azərbaycan və Ermənistan cəmiyyətləri arasında həqiqi sülhün qurulması üçün bu məsələlərə də diqqət yetirilməlidir. Azərbaycan xalqından üzr istənilməsi də vacib məsələlərdəndir. Xüsusilə, 30 il ərzində doğma torpaqlarına qayıda bilməyən azərbaycanlıların yaşadıqları nəzərə alınmalıdır. Sülh sazişinin imzalanması ilkin mərhələdir. Əsas məqsəd isə uzunmüddətli perspektivdə həqiqi sülhə nail olmaqdır”.
No Comment! Be the first one.