İlham Əliyev gənc futbolçuları təbrik etdi: “Bu, tarixdə əbədi qalacaq”
Bakıda təşkil olunan 15 yaşadək futbolçular arasında dünya çempionatının rəsmi açılış matçında Azərbaycan-Timor-Leste yığmalarının oyununu Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, ailə üzvləri və FIFA prezidenti Canni İnfantino izləyiblər.
hadiseler.info xəbər verir ki, qarşılaşmadan sonra dövlət başçısı, birinci xanım və ailə üzvləri Azərbaycan komandasının futbolçuları ilə görüşərək onları parlaq qələbə münasibətilə təbrik ediblər.
Görüş zamanı Prezident İlham Əliyev futbolçulara xitabən deyib:
“Bir daha təbrik edirəm. Gözəl oyun nümayiş etdirdiniz. Bütün qollar da çox gözəl, hamısı bir-birindən gözəl idi. Görünür ki, böyük məharət və peşəkarlıq tələb edən kombinasiyalar qurulmuşdu. Ona görə hamını sevindirmisiniz.
Əlbəttə ki, ölkəmizdə belə mötəbər yarışın keçirilməsi də böyük hadisədir. Bu, tarixdə qalacaq, çünki ilk çempionatdır. Bu günə qədər futbol üzrə bu miqyasda çempionatlar keçirilməmişdir. Bu açılış oyununda Azərbaycan komandasının inamlı qələbəsi – bu, artıq tarixdə əbədi qalacaq. Ona görə sizi bir daha təbrik edirəm. Bütün xalqımızı sevindirmisiniz. Sizə yeni uğurlar arzulayıram. Sağ olun.”
Dövlət başçısının təbrikindən sonra gənc futbolçular da Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
No Comment! Be the first one.