Litvanın Baş naziri İlham Əliyevə zəng etdi
Litvanın Baş naziri Mindauqas Sinkeviçyus Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
Hadisələr.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Telefon söhbəti zamanı son dövrlərdə Azərbaycan ilə Litva arasında əlaqələrin inkişafında müşahidə olunan müsbət dinamika məmnunluqla qeyd olunub. Bu xüsusda, Litvanın sabiq Baş naziri İnqa Ruqinienenin bu ilin aprelində Azərbaycana səfəri və Prezident İlham Əliyevlə apardığı müzakirələr xatırlanıb.
Dövlət başçısı Mindauqas Sinkeviçyusu Baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. M.Sinkeviçyus təbriklərə görə təşəkkürünü bildirərək, iki ölkə arasında tərəfdaşlıq əlaqələrinin inkişafını hər zaman diqqətdə saxlayacağını vurğulayıb.
Danışıq zamanı enerji təhlükəsizliyinin təmin olunması, ticarət dövriyyəsinin artırılması, eləcə də Azərbaycan-Avropa İttifaqı münasibətləri müzakirə edilib. Litva tərəfinin Azərbaycanın Aİ ilə əməkdaşlığına hər zaman dəstək verdiyi xüsusi qeyd olunub.
Həmçinin Litvanın Baş naziri Vaşinqton Sülh Sammiti və orada əldə olunmuş razılaşmaların ildönümü münasibətilə dövlət başçısına təbriklərini çatdırıb. Söhbət əsnasında beynəlxalq gündəlikdə duran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
No Comment! Be the first one.