Naxçıvan yeni geosiyasi və iqtisadi mərhələdə: Strateji inkişafın əsas konturları
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri təkcə ayrı-ayrı layihələrin təqdimatı kimi deyil, regionun Azərbaycanın yeni geosiyasi və iqtisadi arxitekturasındakı yerinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Səfər çərçivəsində enerji, sənaye, nəqliyyat, sosial infrastruktur, şəhərsalma, mədəni irs və müdafiə sahələrini əhatə edən kompleks tədbirlər həyata keçirilib.
hadiseler.info xəbər verir ki, dövlət başçısının Günəş Elektrik stansiyalarındakı işlərlə tanışlığı, Naxçıvan Sənaye Parkının və yeni obyektlərin təməlini qoyması, eləcə də şəhərin 2044-cü ilədək Baş Planı ilə tanışlığı Muxtar Respublikanın inkişafında yeni strategiyanın əsas istiqamətlərini ortaya qoyub.
İqtisadi modelin dəyişməsi və Sənaye Parkı
Naxçıvan Sənaye Parkının yaradılması regionu uzunillik coğrafi təcrid vəziyyətindən çıxararaq tranzit, istehsal və logistika mərkəzinə çevirmək məqsədi daşıyır. Bu addım yerli istehsalın genişləndirilməsinə, yeni iş yerlərinin açılmasına və özəl investisiyaların cəlb edilməsinə xidmət edəcək.
Nəqliyyat infrastrukturu və logistika
Cənubi Qafqazda kommunikasiyaların açılması fonunda Naxçıvanın dəmir yolu sisteminin modernləşdirilməsi strateji əhəmiyyət daşıyır. Naxçıvan Azərbaycanın əsas ərazisini Türkiyə və Avropa bazarları ilə birləşdirən nəqliyyat xəttinin və Orta Dəhlizin mühüm halqasına çevrilmək potensialına malikdir.
Yaşıl enerji və ixrac imkanları
“Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlər regionun yaşıl enerji potensialını praktik iqtisadi resursa çevirir. Türkiyə ilə birbaşa sərhəd imkan verir ki, istehsal olunan enerji gələcəkdə xaricə də ixrac edilsin.
Şəhərsalma və sosial modernləşmə
Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı çərçivəsində sosial evlərin, mehmanxana kompleksinin, elektrik mühərrikli avtobusların və DOST Mərkəzinin fəaliyyətə başlaması nəzərdə tutulur. Bu da sakinlərin həyat keyfiyyətinin yüksəldilməsinə yönəlib.
Mədəni irs və hərbi təhlükəsizlik
Möminə xatun türbəsindəki bərpa işləri və Əcəmi Naxçıvaninin abidəsinin açılışı mədəni irsin qorunması və turizm potensialının artırılmasına xidmət edir. Eyni zamanda, Əlahiddə Ümumqoşun Orduda yeni yaradılmış komando hərbi hissələrinə Döyüş bayraqlarının təqdim edilməsi regionun müdafiə qabiliyyətinin yüksək səviyyədə saxlanıldığını bir daha nümayiş etdirir.
No Comment! Be the first one.