Prezident İlham Əliyev “Global Infrastructure Partners” şirkətinin rəhbərini qəbul edib- FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də “BlackRock”un tərkibində fəaliyyət göstərən qlobal infrastruktur investisiya şirkəti – “Global Infrastructure Partners”in (GIP) təsisçisi, sədri və baş icraçı direktoru Adebayo Oqunlesini qəbul edib.
hadiseler.info AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə dövlət başçısının bu ilin yanvarında Davosda Adebayo Oqunlesi ilə keçirdiyi görüş xatırlanıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF), “BlackRock” və GIP arasında imzalanmış uzunmüddətli əməkdaşlığa dair niyyət protokolunun önəmi vurğulanıb.
Söhbət zamanı Azərbaycan ilə şirkət arasında investisiya əməkdaşlığının inkişafından məmnunluq ifadə olunub və tərəfdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib. ARDNF ilə GIP arasındakı tərəfdaşlığın artıq konkret beynəlxalq investisiya layihələrini əhatə etdiyi, bu çərçivədə Fondun İtaliyanın yüksəksürətli qatar operatoru “Italo”ya və Londonun Qatvik hava limanına birgə investisiya yatırdığı diqqətə çatdırılıb.
Görüşdə ölkəmizin rəqəmsal və nəqliyyat infrastrukturu istiqamətlərində potensial əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin Bakıda təşkil olunan İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu və bu çərçivədə keçirilən Azərbaycan İnfrastruktur İnvestisiya Dialoqunun böyük əhəmiyyət kəsb etdiyi, bu tədbirlərdə 30 trilyon dollarlıq aktivləri idarə edən şirkətlərin iştirak etdiyi qeyd olunub.
Qeyd edək ki, 2024-cü ildən “BlackRock”un tərkibində fəaliyyət göstərən GIP şirkəti 170 milyard dollar həcmində aktivi idarə edir və “Microsoft”, “MGX” ilə birlikdə qlobal Süni İntellekt İnfrastruktur Fondunun təsisçilərindəndir. İdarə etdiyi aktivlərin həcmi 15,3 trilyon dollar olan “BlackRock” isə enerji, nəqliyyat, rəqəmsal infrastruktur və tullantıların idarə olunması üzrə ixtisaslaşıb.






No Comment! Be the first one.