Prezident İlham Əliyev Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı ilə tanış olub
Avqustun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olublar.
hadiseler.info xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev dövlət başçısına və birinci xanıma yeni Baş Plan, şəhərin gələcək inkişaf hədəfləri və nəzərdə tutulan işlər barədə məlumat verib.
Baş Plan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu və beynəlxalq “Chapman Taylor” şirkəti tərəfindən hazırlanıb. Sənəd Naxçıvanın müstəqillik dövründə hazırlanan ilk Baş Planı olmaqla onun vahid strateji inkişaf konsepsiyasını müəyyən edir.
Sənədə əsasən, şəhər mərkəzində 74 hektarlıq ərazinin müfəssəl planı, o cümlədən 12,5 hektarlıq hissə üçün yeni memarlıq konsepsiyası hazırlanıb. Ekoloji layihələr çərçivəsində adambaşına düşən yaşıllıq sahəsinin 15 kvadratmetrdən 27 kvadratmetrə çatdırılması, Naxçıvançay boyunca yeni park və ictimai məkanların salınması nəzərdə tutulub. Küçə-yol şəbəkəsinin uzunluğu 188,4 kilometrə, velosiped yollarının uzunluğu isə 122 kilometrə çatdırılacaq.
Baş Plana əsasən, 2044-cü ilədək məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması (44% genişlənmə), əhalinin sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə yüksələcəyi proqnozlaşdırılır. Adambaşına düşən yaşayış sahəsi 30 kvadratmetr hesablanmaqla yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması planlaşdırılır. Həmçinin ümumtəhsil məktəblərinin tutumu 23 min 400, bağçaların tutumu 7 min 800 şagirdlik yerə, xəstəxanaların çarpayı fondu isə 650-yə qaldırılacaq. Məşğulluq səviyyəsinin 40%-ə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.
No Comment! Be the first one.