Prezident Şuşada Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib – Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin əsaslı təmirdən sonra açılış mərasimində iştirak edib.
hadiseler.info xəbər verir ki, elm və təhsil naziri Emin Əmrullayev dövlət başçısına mərkəzdə yaradılmış müasir şərait barədə ətraflı məlumat verib.
Məlumatda bildirilib ki, Elm və Təhsil Nazirliyinin sifarişi ilə Şuşa Peşə Təhsili Mərkəzində əsaslı təmir işlərinə 2025-ci ilin mart ayında start verilib.
İkimərtəbəli və 360 şagird yerlik tədris binasında 9 emalatxana, 3 təlimat sahəsi, musiqi alətlərinin hazırlanması və bərpası emalatxanası, 5 tədris otağı, rəsm otağı, fizika və kimya laboratoriyaları, laborant, informatika və hərbi təlim otaqları, habelə yeməkxana yerləşir. Mərkəzin beşmərtəbəli yataqxanasında isə akt zalı, texniki yaradıcılıq sahəsi, emalatxanalar, elektron kitabxana, tədris, yataq, istirahət və fitnes otaqları, həmçinin ictimai iaşə obyekti istifadəyə verilib.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətlərindən biri də insan kapitalının inkişafı və müasir təhsil infrastrukturunun formalaşdırılmasıdır. Bu baxımdan yenidən qurulan Şuşa Peşə Təhsili Mərkəzi regionsa aparılan genişmiqyaslı bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların hazırlanmasında mühüm platformaya çevriləcək.




No Comment! Be the first one.