Prezident yeni səfirləri qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Siphandon Oybuabuddi və Keniyanın yeni səfiri Cona Mayna Mvangi ilə ayrı-ayrılıqda görüşüb.
hadiseler.info xəbər verir ki, səfirlər etimadnamələrini dövlət başçısına təqdim ediblər.
Laosun səfiri ilə söhbət zamanı Prezident İlham Əliyev bu ölkənin Prezidenti Thonqlun Sisulitin ötən ay Azərbaycana rəsmi səfərinin uğurlu keçdiyini vurğulayıb. Dövlət başçısı Laosun məhz Azərbaycanın sədrliyi dövründə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) tamhüquqlu üzvü olmasının əhəmiyyətini qeyd edib, həmçinin AQEM-ə sədrliyin daha 2 il uzadılması qərarına dəstəyə görə minnətdarlığını bildirib. Səfir öz növbəsində Laos Prezidentinin salamlarını çatdırıb və əməkdaşlığın inkişafı üçün səylə çalışacağını vurğulayıb.
Keniyanın yeni səfiri Cona Mayna Mvangi ilə görüşdə isə Prezident İlham Əliyev Keniya Prezidenti Uillyam Samoei Rutonun ölkəmizə səfərini məmnunluqla xatırlayıb. İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu qeyd edən dövlət başçısı bunun iqtisadi-ticari sahələr də daxil olmaqla bütün istiqamətlərdə əməkdaşlığın möhkəmləndirilməsi üçün geniş imkanlar yaratdığını bildirib. Səfir tapşırıqlara uyğun olaraq ikitərəfli əlaqələrin genişlənməsi istiqamətində səylərini əsirgəməyəcəyini qeyd edib.




No Comment! Be the first one.