Rusiyada kimya zavodunda güclü partlayışlar: 7 nəfər həlak oldu
Rusiyanın Moskva vilayətində yerləşən Krasnozavodsk kimya zavodunda bir neçə güclü partlayış baş verib. Hadisə nəticəsində şəhər üzərində qatı tüstü dumanı qalxıb.
hadiseler.info xəbər verir ki, “SHOT” Telegram kanalının yaydığı məlumata görə, faciə nəticəsində 7 nəfər həlak olub.
Şahidlərin sözlərinə görə, ərazidə ən azı üç güclü partlayış səsi eşidilib. Həlak olan şəxslərin tamamilə uçub dağılan sexdə olduqları bildirilir. Partlayış anında zavodda 40-dan çox insan olub və güclü zərbə dalğasından ətrafdakı yaşayış binaları da silkələnib.
Hazırda müəssisənin ərazisində yanğın davam edir, xilasedicilər alovu lokallaşdırmağa çalışırlar, işçilər isə təxliyə olunurlar. Səlahiyyətli qurumlar tərəfindən hələlik rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, “Rostex” dövlət korporasiyasının tərkibinə daxil olan və şəhərin ana müəssisəsi sayılan Krasnozavodsk kimya zavodu Rusiya Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və digər güc strukturlarının sifarişi ilə siqnal və işıqlandırma vasitələri, patronlar və pirotexnika istehsal edir. Ukrayna PUA-ları müəssisəyə ən azı iki dəfə – 2025-ci il yanvarın 24-də və iyulun 7-də hücum ediblər.
No Comment! Be the first one.