Səbinə Əliyeva yenidən Azərbaycanın Ombudsmanı seçilib
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə seçki baş tutub. Milli Məclisin bu gün keçirilən plenar iclasında səs çoxluğu ilə Səbinə Əliyeva yenidən ölkənin Ombudsmanı seçilib.
hadiseler.info xəbər verir ki, parlamentin iclasında Ombudsman vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Prezident İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilən sənəddə Səbinə Əliyeva ilə yanaşı, Konstitusiya Məhkəməsinin keçmiş hakimi Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi Elşanə Vəliyevanın da namizədliyi irəli sürülmüşdü.
Keçirilən səsvermədə 100 deputat Səbinə Əliyevanın lehinə səs verib. Digər namizədlərdən Ceyhun Qaracayevə 13, Elşanə Vəliyevaya isə 8 səs verilib.
Səsvermədən sonra parlamentdə and içən Səbinə Əliyeva göstərilən etimada görə Prezident İlham Əliyevə və deputatlara minnətdarlığını bildirib. Qeyd edək ki, Ombudsman vəzifəsi 7 il müddətinə seçilir. Səbinə Əliyeva ilk dəfə bu vəzifəyə 2019-cu il noyabrın 29-da seçilmişdi.
No Comment! Be the first one.