Tənha təqaüdçünün evinə basqın edən gənclərə hökm oxundu: İllərlə həbs cəzası
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkir rayonunda tənha yaşayan təqaüdçünün evinə silahlı basqın etməkdə təqsirləndirilən Cəsur Cəbiyev (soyadı şərtidir) və yetkinlik yaşına çatmayan E.İsgəndərovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Hadisələr.info “Pravda.az”a istinadən xəbər verir ki, hakim Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində çıxarılan hökmə əsasən, Cəsur Cəbiyev 9 il 6 ay, E.İsgəndərov isə 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2025-ci ildə Şəmkir rayonunun Dəllər Cəyir kəndində qeydə alınıb. Qabaqcadan əlbir olan 2007-ci il təvəllüdlü Cəsur Cəbiyev və 2010-cu il təvəllüdlü E.İsgəndərov kənddə tənha yaşayan qonşuları Rafiq Bədəlovun (soyadı şərtidir) evini qarət etmək məqsədilə plan hazırlayıblar.
Gecə saatlarında fərdi yaşayış evinə qanunsuz daxil olan şəxslər əvvəlcə yataq otağındakı şalvarın cibindən 493 manat nağd pul mənimsəyiblər. Axtarışı davam etdirərkən ev sahibinin oyanması üzərinə təqsirləndirilən şəxslər ona hücum ediblər. E.İsgəndərov üzərindəki bıçaqla zərərçəkmişi öldürməklə hədələyərək ondan 20 000 manat tələb edib. Təqaüdçü olduğunu və həmin məbləğdə pulunun olmadığını bildirən ev sahibinin 190 manat dəyərində olan mobil telefonu və açarları ələ keçirilib.
Toplanmış sübutlar əsasında hər iki şəxsə qabaqcadan əlbir olaraq silah tətbiq etməklə quldurluq törətmək maddəsi üzrə ittiham verilib.
No Comment! Be the first one.