Xəzərdə 173 ölü nərə balığı tapıldı – Azərbaycana təhlükə varmı?
Qazaxıstanın Manqistau vilayətində Xəzər dənizinin sahilində nərə cinsinə aid 173 ölü balığın aşkarlanması bölgədə ekoloji narahatlıq doğurub. Hadisənin Xəzərin digər sahillərində, o cümlədən Azərbaycanda mümkün ekoloji təsirləri ilə bağlı suallar ortaya çıxarıb.
hadiseler.info xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzindən “Modern.az”a bildirilib ki, mövcud məlumatlar əsasında bu hadisənin Azərbaycana birbaşa təsir göstərəcəyini birmənalı şəkildə təsdiqləmək mümkün deyil.
Mərkəzdən qeyd olunub ki, Xəzər dənizi vahid su hövzəsi olduğundan onun ekoloji vəziyyətində, suyun keyfiyyətində, hidrometeoroloji şəraitdə və bioresursların yaşayış mühitində baş verən dəyişikliklər bütün Xəzəryanı ölkələr üçün əhəmiyyət daşıyır. Bununla belə, Qazaxıstan sahillərində qeydə alınan xoşagəlməz halın ölkəmizdə analoji vəziyyətə səbəb olacağını demək üçün hələlik kifayət qədər məlumat yoxdur. Bu cür ehtimalların qiymətləndirilməsi üçün balıqların tələfat səbəbi, hadisənin başvermə şəraiti, suyun hidrokimyəvi göstəriciləri və digər elmi parametrlər dərindən araşdırılmalıdır.
Xatırladaq ki, hadisə oktyabrın 20-də qeydə alınıb. Ölü balıqlar “Ömir glamping” istirahət zonasının ərazisindən Pesaçnı burnu istiqamətinə və Kurık limanına qədər uzanan, təxminən 15 kilometrlik sahil zolağında aşkarlanıb. Mütəxəssislər balıq cəsədlərinin müxtəlif parçalanma mərhələlərində olduğunu bildiriblər.
Faktla bağlı aidiyyəti dövlət qurumlarına məlumat verilib, balıq cəsədlərinin toplanması, daşınması və utilizasiyası istiqamətində zəruri tədbirlərə başlanılıb. Qazaxıstanın müvafiq qurumlarının açıqlamalarına əsasən, balıqların uzun müddət əvvəl tələf olması və cəsədlərin təbii quruma mərhələsində yer alması səbəbindən histoloji və toksikoloji təhlillər üçün yumşaq toxuma nümunələri götürmək mümkün olmayıb. Məhz bu səbəbdən ölümün dəqiq səbəbi hələlik müəyyənləşdirilməyib.
Aparılan vizual müayinə zamanı balıqların bədənində balıqçılıq torlarının izləri və ya qarmaqla ovlanmaya xas h hər hansı dəliklər aşkarlanmayıb. Güclü qərb küləyinin balıq cəsədlərini sahilə çıxarmış ola biləcəyi də əsas ehtimallar arasındadır. Hazırda hadisənin səbəbi ilə bağlı yekun nəticə olmadığından balıqların tələfatını konkret amillə əlaqələndirmək hələlik mümkün deyil.
No Comment! Be the first one.