5 milyonluq onlayn qumar şəbəkəsinin üzvləri saxlanıldı – VİDEO
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən kiberməkanda qanunsuz onlayn qumar oyunlarının təşkili və cinayət yolu ilə əldə olunmuş pul vəsaitlərinin dövriyyəyə daxil edilməsinin qarşısının alınması istiqamətində növbəti genişmiqyaslı əməliyyat-texniki tədbir keçirilib.
hadiseler.info xəbər verir ki, kiberpolisin keçirdiyi əməliyyat nəticəsində qanunsuz onlayn mərc və qumar oyunlarının təşkilində şübhəli bilinən Xəqani Əlizadə, Vüsal Tağıyev, Asim Zeynal, Emin Mahmudov, Sultanəli Bayramov və Tural Kərimli müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla məlum olub ki, dəstə üzvləri Yasamal rayonunda icarəyə götürdükləri mənzildə ölkə ərazisində istifadəsi qadağan olunmuş internet resursları üzərindən virtual kassalar yaradıblar. Onlar “WhatsApp” və “Telegram” platformaları vasitəsilə iştirakçıları prosesə cəlb edərək pul vəsaitlərinin qəbulunu təşkil ediblər.
Mənzilə baxış zamanı qanunsuz fəaliyyətdə istifadə olunan 55 ədəd mobil telefon, 177 ədəd bank kartı və digər elektron məlumat daşıyıcıları sübut kimi götürülüb. Şəbəkənin həyata keçirdiyi maliyyə əməliyyatlarının ümumi dövriyyəsinin 5 milyon manatdan artıq olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, saxlanılan 6 şəxsin hər biri təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
No Comment! Be the first one.