Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
Sentyabrın 18-də Azərbaycan xalqı Milli Musiqi Gününü qeyd edir. Bu əlamətdar gün müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, dahi bəstəkar Üzeyir Hacıbəylinin doğum günü ilə bağlıdır.
hadiseler.info xəbər verir ki, 1995-ci ildə ümummilli lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Böyük bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını isə görkəmli dirijor maestro Niyazi qoyub.
1885-ci il sentyabrın 18-də Şuşada anadan olan Üzeyir Hacıbəyli dahi bəstəkar, musiqiçünas alim, dramaturq, pedaqoq və ictimai xadim kimi Azərbaycan mədəniyyət tarixində dərin iz qoyub. O, SSRİ xalq artisti, Azərbaycan EA-nın akademiki, professor, Azərbaycan Bəstəkarlar İttifaqının sədri və Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifələrində çalışaraq ölkənin musiqi təhsilinin və sənətinin inkişafına misilsiz töhfələr verib.
No Comment! Be the first one.