“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il ötür
Bu gün Azərbaycanın müasir tarixində dönüş nöqtəsi olan “Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir.
hadiseler.info xəbər verir ki, sentyabrın 20-si Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin imzalandığı gün, eyni zamanda neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı – Neftçilər Günü kimi qeyd olunur.
Bu günün Neftçilər Günü kimi rəsmiləşdirilməsi Ümummilli Lider Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə həyata keçirilib.
Xatırladaq ki, 1994-cü il sentyabrın 20-də Bakıda SOCAR ilə 6 ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında tarixi saziş imzalanıb. İlkin olaraq 30 il müddətinə nəzərdə tutulan bu saziş keçmiş Sovet İttifaqı məkanında Qərb transmilli şirkətlərinin yatırdığı ilk böyük investisiya layihəsi kimi tarixə düşüb. Saziş 1994-cü il dekabrın 12-də Milli Məclis tərəfindən təsdiqlənib və dekabrın 14-də qüvvəyə minib.
Neftçilər Günündə sənayenin bu sahəsində əldə olunan uğurlar təhlil edilir, fədakarlıq göstərən mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar təqdim olunur.
No Comment! Be the first one.