Azərbaycan və Banqladeş arasında vacib saziş imzalandı
Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan Respublikası ilə Banqladeş Xalq Respublikası arasında mühüm saziş imzalanıb.
hadiseler.info xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Banqladeşin xarici işlər naziri Xəlilür Rəhman “Azərbaycan Respublikası Hökuməti ilə Banqladeş Xalq Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahibləri üçün viza tələbindən azad etmə haqqında Saziş”i imzalayıblar.
Azərbaycan XİN-in məlumatına əsasən, imzalanan sənəd rəsmi təmasların gücləndirilməsinə və iki ölkə arasında qarşılıqlı faydalı tərəfdaşlığın genişləndirilməsinə xidmət edəcək. Sazişdən sonra keçirilən ikitərəfli görüşdə nazirlər siyasi dialoqun, ticarət-iqtisadi əlaqələrin, eləcə də təhsil və humanitar sahələrdə əməkdaşlığın inkişaf perspektivlərini geniş müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan bundan əvvəl Kolumbiya ilə də viza rejiminin sadələşdirilməsi istiqamətində addımlar atıb.
No Comment! Be the first one.