“Minkənd” KSES açıldı, “Tekstil Klasteri”nin təməli qoyuldu- FOTOLAR
Sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Konqres Mərkəzində onlayn formatda Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri”nin təməlqoyma mərasimi və Laçında “Minkənd” Kiçik Su Elektrik Stansiyasının (KSES) açılışı keçirilib.
hadiseler.info xəbər verir ki, tədbirdə dövlət başçısı ilə yanaşı “Azərşəkər” MMC-nin İdarə Heyətinin sədri Nəsib İslamzadə, “Global Textile Group”un sədri Muzaffar Razakov və Türkiyənin “Demirören Holdinq”inin prezidenti Yıldırım Demirören iştirak ediblər.
Mingəçevir Sənaye Parkında “Textile Horizon” MMC tərəfindən icra olunan “Tekstil Klasteri” layihəsi pambıq əkinindən başlayaraq mahlıc, iplik, parça və son tekstil məhsullarının istehsalını nəzərdə tutur. Sahəsi 11,2 hektar olan müəssisədə illik 16 min ton mahlıc, 11 min ton iplik, 7,3 min ton boyalı parça və 11 milyon köynək istehsal olunacaq. Hazırlanan məhsulların daxili bazarla yanaşı, ixrac edilməsi də planlaşdırılır. Layihə çərçivəsində rezidentlərə təqdim olunan bütün vergi və gömrük güzəştləri tətbiq ediləcək.
Laçın rayonunda istismara verilən “Minkənd” Kiçik Su Elektrik Stansiyasının qoyuluş gücü 3,2 MVt, gözlənilən illik elektrik enerjisi istehsalı isə 11,8 milyon kVt/saat təşkil edir. Avstriya və İtaliya texnologiyaları əsasında quraşdırılan bu stansiya Kəlbəcər və Laçında həyata keçirilən genişmiqyaslı bərpaolunan enerji layihəsinin bir hissəsidir.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində və dövlət-özəl tərəfdaşlığı prinsipi ilə icra edilən layihənin ümumi dəyəri 53,2 milyon manatdır. Bura “Minkənd”lə yanaşı, “Qalaca-1”, “Qalaca-2”, “Malıbəy” və “Tərtər-1” stansiyaları daxildir. 30 il istismar müddəti olan bu stansiyaların 2026-cı ilin sonunadək tam istismara verilməsi nəzərdə tutulur. Layihə üzrə ümumi qoyuluş gücü 12,9 MVt, illik enerji istehsalı isə 44,1 milyon kVt/saat olacaq. Layihəni həyata keçirən “Green Karabakh Energy” MMC-yə güzəştli kreditlər və azadolmalar tətbiq olunub.






No Comment! Be the first one.