Fransadakı şagird etirazları Belçikaya keçdi: Kolleclərdə iğtişaşlar başladı
Fransanı bürüyən və təhsil müəssisələrində iğtişaşlara səbəb olan yuxarı sinif şagirdlərinin kütləvi etiraz aksiyaları qonşu Belçikaya da sıçrayıb.
hadiseler.info “DH” qəzetinə istinadən xəbər verir ki, Belçikanın cənub-şərqində yerləşən Lyej şəhərindəki beş kollecdə tələbə iğtişaşları alovlanıb. Aksiyalar zamanı şagirdlər zibil qutularını yandırıb, binaların fasadlarına zərər vurub və pəncərələri sındırıblar.
Hadisə yerinə cəlb olunan polis əməkdaşlarına fişəng və yumurta atılsa da, hüquq-mühafizə orqanları etirazçılara qarşı cavab tədbirləri görməyib. Təhsil müəssisələrinin yaxınlığında gün ərzində davam edən iğtişaşlar günortadan sonra səngiyib və iştirakçılar ərazidən uzaqlaşıblar.
Paralel olaraq Lyej və Namür şəhərlərində təhsil müəssisələrinin qarşısında dinc etiraz aksiyaları da təşkil olunub. Bəzi hallarda müəllimlər də şagirdlərin bu dinc aksiyalarına qoşulublar.
Qeyd edək ki, Belçikanın Fransa ilə həmsərhəd olan cənub fransızdilli regionu Valloniyada etiraz aksiyaları, hətta yerli səviyyədə tutarlı səbəblər olmadıqda belə, tez-tez Fransada baş verən analoji hadisələrlə sıx bağlı olur.
No Comment! Be the first one.