Luvr muzeyi bağlanmaq təhlükəsi ilə üz-üzədir
Dünyanın en məşhur incəsənət ocaqlarından biri olan, Parisdə yerləşən Luvr Muzeyi bağlanmaq riski ilə qarşı-qarşıyadır.
hadiseler.info xəbər verir ki, muzeyin direktoru Kristof Leribo “Le Figaro”ya müsahibəsində binanın əsaslı təmir olunmayacağı təqdirdə qapılarını ziyarətçilərin üzünə bağlamaq məcburiyyətində qala biləcəyini xəbərdar edib.
Direktor köhnəlmiş infrastruktura və təhlükəsizlik problemlərinə diqqət çəkərək bildirib ki, hazırda təhlükəsizlik kameraları yenilənir, məhəccərlər, eskalatorlar, dam örtüyü, işıqlandırma və kondisioner sistemləri təmir olunur. Yay aylarında həddindən artıq isti havalar səbəbindən muzeyin ziyarətçi sayında 8 faizlik azalma qeydə alınıb.
Kristof Leribo “Luvrun Yeni İntibahı” adlı genişmiqyaslı yenilənmə planının həyata keçirilməsini vacib sayır. Təmir işlərinin 15 ilədək davam edə biləcəyi proqnozlaşdırılır. Direktor 2027-ci il prezident seçkilərindən sonra formalaşacaq yeni hökuməti layihəyə dəstək verməyə çağırıb.
Xatırladaq ki, 2025-ci il oktyabrın 19-da Luvrda cəmi 7 dəqiqə davam edən soyğunçuluq zamanı 8 qiymətli zinət əşyası oğurlanmışdı. Şübhəlilər saxlanılsa da, qiymətli əşyalar hələ də tapılmayıb.
Qeyd edək ki, hazırda Luvr Muzeyində 35 minə yaxın sənət əsəri nümayiş etdirilir.
No Comment! Be the first one.