İstanbulda sel fəlakəti: 41 illik rekord qırıldı – VİDEO
Türkiyənin İstanbul şəhərində intensiv leysan yağışları son 41 ilin rekor göstəricilərinin qeydə alınmasına səbəb olub.
hadiseler.info xəbər verir ki, İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) məlumatına görə, Beykoz rayonunda bir kvadratmetrə 242 kq, Eyüpsultanda 190.5 kq, Sarıyerdə isə 187.9 kq yağıntı düşüb.
Şəhərin xüsusilə Bosfor ətrafında və Avropa hissəsinin şimal-mərkəzi rayonlarında yağıntının miqdarı 100-230 kq arasında dəyişib. Qeydə alınan bu rəqəmlər 1985-ci ildən bəri ən yüksək göstəricilər sırasındadır.
Fəsadların aradan qaldırılması üçün gecə növbəsi
Fəlakətin nəticələrini aradan qaldırmaq üçün 8 392 əməkdaş və 2 246 nəqliyyat vasitəsi səfərbər edilib. Saat 23:30-a olan məlumata əsasən, bələdiyyənin müvafiq qurumlarına 6 937 müraciət daxil olub.
İntensiv yağışlar səbəbindən 15 metro, tramvay və funikulyor xəttində iş saatları uzadılıb, metrobüs marşrutlarının isə səhərə qədər fasiləsiz çalışacağı bildirilib. Çöldə qalan sakinlərin sığınması üçün bələdiyyənin sosial müəssisələri səhər saatlarınadək açıq saxlanılıb.
Mütəxəssislərdən xəbərdarlıq: Təhlükə davam edir
İstanbul Fəlakət Koordinasiya Mərkəzi (AKOM) yağışların xüsusilə şəhərin Anadolu hissəsində və Bosfor sahili boyu davam edəcəyini açıqlayıb. Bəzi ərazilərdə kvadratmetrə əlavə 50-75 kq yağıntının düşəcəyi, küləyin sürətinin isə saatda 50-80 km-ə çatacağı gözlənilir.
İBB sakinləri zərurət olmadıqca şəxsi avtomobillərdən istifadə etməməyə, çay yataqlarından və daşqın riski olan ərazilərdən uzaq durmağa çağırıb.
No Comment! Be the first one.