Türkiyənin 6 vilayətində dərslər təxirə salındı
Türkiyədə tüğyan edən əlverişsiz hava şəraiti və güclü leysan yağışları səbəbindən 6 vilayətdə tədris prosesi dayandırılıb.
hadiseler.info “TRT Haber”ə istinadən xəbər verir ki, əlverişsiz meteoroloji vəziyyətlə əlaqədar İstanbul, Kocaeli, Yalova, Sakarya, Zonquldak və Düzce vilayətlərində oktyabrın 15-də dərslər bir günlük təxirə salınıb.
Qərar şagirdlərin təhlükəsizliyini təmin etmək və nəqliyyatın hərəkətində yarana biləcək fəsadların qarşısını almaq məqsədilə qəbul edilib. Sakaryada universitetlər istisna olmaqla, digər 5 vilayətdə isə bütün rəsmi və özəl təhsil müəssisələrində əyani tədris dayandırılıb.
Yollar gölməçəyə çevrildi, məzuniyyətlər verildi
İstanbulda davam edən leysan nəticəsində çoxsaylı evləri və iş yerlərini su basıb, yeraltı keçidlər və tunellər gölməçəyə çevrilib, nəqliyyatın hərəkətində ciddi axsamalar yaranıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar bəzi vilayətlərdə hamilə, əlilliyi olan dövlət qulluqçularına və azyaşlı uşağı olan analara inzibati məzuniyyət verilib. Yalova vilayətində isə təhlükəsizlik məqsədilə motosiklet, skuter və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti qadağa qoyulub.
No Comment! Be the first one.