Türkiyədə torpaq sürüşməsi: 9 bina təxliyə edildi
Türkiyənin Kocaeli vilayətinin Gölcük rayonunda güclü yağışlar torpaq sürüşməsinə və istinad divarının uçmasına səbəb olub.
hadiseler.info Anadolu Agentliyinə (AA) istinadən xəbər verir ki, təhlükəsizlik tədbirləri çərçivəsində iki yaşayış kompleksindəki 9 bina boşaldılıb.
Məlumata görə, Halıdere Körfez məhəlləsində yerləşən 6 bloklu yaşayış kompleksində aparılan yoxlamalardan sonra 65 sakinin yaşadığı 51 mənzil təxliyə edilib. Sakinlər bələdiyyəyə məxsus sosial obyektlərdə yerləşdiriliblər.
Değirmendere Topçular məhəlləsində isə istinad divarının uçması nəticəsində torpaq və beton parçaları binaların həyətinə tökülüb. Təhlükə səbəbindən daha 3 blok boşaldılıb, bir minik avtomobilinə ciddi ziyan dəyib.
Hadisə yerinə gələn aidiyyəti qurumların nümayəndələri əraziyə baxış keçiriblər. Təhlükə yaradan divarın sökülməsi və ərazidə yeni, daha möhkəm istinad divarının tikilməsi üçün işlərə başlanılıb.
No Comment! Be the first one.