Çexiyada etirazlar alovlandı: Nümayişçilər parlament binasına daxil olmağa cəhd etdilər
Praqada ictimai-hüquqi medianın maliyyələşdirilməsi ilə bağlı qanun layihəsinə etiraz edən nümayişçilər Çexiya parlamentinin aşağı palatasının binasına daxil olmağa cəhd göstəriblər.
hadiseler.info xəbər verir ki, bu barədə Çexiya polisi sosial şəbəkə hesabında rəsmi məlumat yayıb. Asayiş keşikçilərinin operativ müdaxiləsi nəticəsində vəziyyəti tam nəzarət altına almaq mümkün olub.
Ölkədə kütləvi narazılığa səbəb olan qanun layihəsi vətəndaşların ödənişləri hesabına birbaşa maliyyələşmədən dövlət büdcəsindən vəsait ayrılmasına keçidi nəzərdə tutur. Etirazçıların fikrincə, bu addım ictimai-hüquqi televiziya və radionun müstəqil fəaliyyətini ciddi şəkildə məhdudlaşdıracaq və onları birbaşa hakimiyyətdən asılı vəziyyətə salacaq.
Çexiyanın Baş naziri Andrey Babiş isə öz növbəsində müxalif qüvvələri Çexiya televiziyası və radiosunun maliyyələşmə sisteminin dəyişdirilməsi planlarına görə cəmiyyətdə süni gərginlik yaratmamağa çağırıb:
“Müxalifəti cəmiyyətdə vəziyyəti gərginləşdirməyi dayandırmağa çağırıram. Müstəqil media uğrunda heç bir müharibə getmir. Demokratiya uğrunda mübarizə də yoxdur və medianın milliləşdirilməsi planlaşdırılmır. Yalan danışdığınızı bildiyiniz halda, bilərəkdən cəmiyyətdə gərginliyi artırır, insanları nümayişlərə və küçələrə çıxmağa səsləyərək onların sağlamlığını və təhlükəsizliyini təhlükəyə atırsınız.”
Çexiya mətbuatında yayılan məlumatlara görə, parlamentin aşağı palatası bu gün səhər saatlarında uzun sürən gərgin müzakirələrdən sonra ictimai-hüquqi medianın maliyyələşdirilməsi haqqında qanuna dəyişiklikləri birinci oxunuşda qəbul edib. Müxalif deputatların isə bu təşəbbüsün əleyhinə səs verdiyi bildirilir.
No Comment! Be the first one.