Prezident İlham Əliyev Niderlandın xarici işlər nazirini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Niderland Krallığının xarici işlər naziri Tom Berendseni qəbul edib.
hadiseler.info xəbər verir ki, dövlət başçısı ötən il Kopenhagendə Niderlandın Baş naziri Dik Sxof ilə görüşünü məmnunluqla xatırlayaraq, həmin görüşdə ölkələrimiz arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldığını vurğulayıb. Prezident İlham Əliyev Niderlandın XİN başçısının səfərini siyasət, diplomatiya, iqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın müzakirəsi üçün yaxşı fürsət kimi qiymətləndirib.
Qəbula görə minnətdarlığını bildirən Tom Berendsen əlaqələrin genişləndirilməsi üçün əlverişli imkanların olduğunu qeyd edib. O, Yaxın Şərqdə baş verən hadisələr zamanı Niderland vətəndaşlarının, o cümlədən bu ölkənin Tehrandakı səfirinin və səfirliyin əməkdaşlarının Azərbaycan vasitəsilə təxliyyəsində göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb. Niderlandlı nazir Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olunmasında Prezident İlham Əliyevin şəxsi rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb.
Görüş zamanı Niderland şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti qeyd olunub, nəqliyyat, logistika, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, kənd təsərrüfatı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin iqtisadi-ticari əlaqələrin inkişafı məqsədilə qarşılıqlı səfərlərin, o cümlədən işgüzar nümayəndə heyətlərinin səfərlərinin təşkili məsələlərinə toxunulub.
No Comment! Be the first one.