Baqs Banninin “səsi” vəfat etdi
“Warner Bros.” studiyasının məşhur “Looney Tunes” cizgi filmində bir çox əfsanəvi personajları səsləndirən tanınmış dublyaj aktyoru Erik Bauza 46 yaşında vəfat edib.
hadiseler.info “Variety” nəşrinə istinadən xəbər verir ki, aktyorun ölümünə səbəb hipertonik ürək xəstəliyi olub. Ölüm faktı mərhumun ailəsi tərəfindən də təsdiqlənib.
1979-cu ildə Torontoda anadan olan Erik Bauza karyerasına əvvəlcə personaj rəssamı kimi başlayıb, daha sonra isə dublyaja keçərək Hollivudun ən çox tələb olunan mütəxəssislərindən birinə çevrilib. 25 illik zəngin yaradıcılıq yolu ərzində 400-dən çox layihədə iştirak edən aktyor, xüsusilə 2022-2025-ci illər aralığında bir sıra seriallardakı uğurlu səsləndirmələrinə görə üç dəfə nüfuzlu “Emmi” mükafatına layiq görülüb.
O, həmçinin “Looney Tunes” layihəsində Baqs Banni ilə yanaşı, Daffi Dak, donuz Porki, quş Tvit, pişik Silvestr və digər sevilən personajlara səhnə həyatı verib. Erik Bauzanın səsi “Avatar: Aanq haqqında əfsanə”, “Rik və Morti”, “Çəkməli Pişiyin macəraları” kimi məşhur cizgi seriallarında, eləcə də “Ulduz müharibələri” animasiya layihələrində də yer alıb.
No Comment! Be the first one.