Qarabağ kanalında ildə təxminən 300 milyon kubmetr su itkisi yaranır
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun əmri ilə yaradılmış İşçi qrupunun növbəti iclası keçirilib. İclasda ölkənin ən böyük magistral kanallarından olan Qarabağ suvarma kanalının yenidən qurulması istiqamətində görülən işlər müzakirə olunub.
hadiseler.info xəbər verir ki, İşçi qrupunun rəhbəri Rafiq Aslanov 1958-ci ildə istismara verilən kanalın Mingəçevir şəhəri və 8 rayonun 115 min hektaradək əkin sahəsini suvarma, yaşayış məntəqələrini isə məişət suyu ilə təmin etdiyini bildirib. Onun sözlərinə görə, kanalın torpaq məcralı olması səbəbindən ildə təxminən 300 milyon m³ su itkisi yaranır ki, bu da vegetasiya dövründə su təminatını xeyli çətinləşdirir.
Tədbirdə layihənin cari vəziyyətinə dair təqdimatlar keçirilib:
Kanalın 51 kilometrlik birinci hissəsi üzrə layihələndirmə işləri başa çatdırılıb, ekoloji rəy alınaraq iyulun 20-də Dövlət Ekspertiza Baş İdarəsinə təqdim edilib.
56 kilometrlik ikinci hissə üzrə layihələndirmə yekunlaşdırılıb və sənədlərin oktyabrın sonunadək ekspertizaya verilməsi nəzərdə tutulur.
Üçüncü mərhələ üzrə isə topoqrafik çəkiliş və geoloji tədqiqatlar başa çatıb, layihə-smeta sənədlərinin noyabrın sonunadək təqdim olunması planlaşdırılır.
Qeyd edək ki, ümumi uzunluğu 172,4 km olan Qarabağ suvarma kanalının yenidən qurulmasından sonra su sərfi 113 m³/san-dən 135 m³/san-dək artırılacaq. Kanalın beton üzlüklə örtülməsi hesabına su itkiləri azaldılacaq, suvarılan əkin sahələri isə 115 min hektardan 166 min hektaradək genişləndiriləcək. Həmçinin Beyləqan və Ağcabədi rayonlarında 20 min hektar əkin sahəsinin su təminatının yaxşılaşdırılmasına imkan yaradılacaq.
No Comment! Be the first one.