Ceyhun Bayramov TDT-nin Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edib
29 oktyabrda xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının paytaxtı Ankara şəhərinə işgüzar səfəri çərçivəsində Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.
Hadiseler.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Nazir Ceyhun Bayramov çıxışında ilk növbədə 29 Oktyabr – Respublika Günü münasibətilə qardaş Türkiyə xalqını və dövlətini səmimi qəlbdən təbrik edib.
Nazir beynəlxalq münasibətlər sistemində mövcud ziddiyyətlərin, davam edən münaqişələrin, beynəlxalq hüququn norma və prinsiplərinin tətbiqində ikili standartların və beynəlxalq təsisatların böhranların qarşısının alınmasında üzləşdiyi çətinliklərin dövlətlər üçün yeni çağırışlar yaratdığını bildirib.
Bu şəraitdə qarşılıqlı etimad, ortaq maraqlar və həmrəyliyə əsaslanan əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
2025-ci ildə Qəbələdə keçirilmiş Zirvə görüşündən sonra Azərbaycanın TDT-yə sədrliyi dövründə siyasi həmrəyliyin gücləndirilməsi, institusional effektivliyin artırılması, iqtisadi və nəqliyyat əlaqələrinin genişləndirilməsi və TDT-nin beynəlxalq nüfuzunun yüksəldilməsi istiqamətində görülmüş işlər diqqətə çatdırılıb.
Təhlükəsizlik sahəsində siyasi dialoqun və milli qurumlar arasında koordinasiyanın gücləndirilməsi, Bakıda TDT üzv dövlətlərinin Təhlükəsizlik Şuraları katiblərinin iclasının keçirilməsi, müdafiə sənayesində birgə istehsal və texnoloji əməkdaşlığı nəzərdə tutan 2027-ci il üzrə Yol Xəritəsinin qəbul edilməsi sədrliyimizin mühüm nəticələri qismində vurğulanıb.
Nazir eyni zamanda ticarət, investisiyalar, nəqliyyat, enerji, maliyyə, rəqəmsal inkişaf, innovasiya və yeni texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib.
Sədrliyimiz dövründə humanitar əməkdaşlıq, ortaq tarixi və mədəni irsin qorunması və xalqlarımız arasında əlaqələrin möhkəmləndirilməsi də əsas prioritetlər sırasında yer alıb. Bu çərçivədə Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin, Şuşada dini məsələlərə məsul dövlət qurumlarının rəhbərlərinin ilk görüşünün və Bakıda TDT üzv dövlətlərinin Müsəlman Dini İdarələri Başçıları Şurasının VII iclasının keçirilməsinin əhəmiyyəti vurğulanıb.
Nazir 2026-cı il ərzində xarici işlər nazirləri arasında dörd qeyri-rəsmi görüşün keçirilməsini siyasi dialoqun davamlılığının mühüm göstəricisi kimi dəyərləndirib. İstanbul görüşündə Yaxın Şərqdəki vəziyyətlə bağlı qəbul edilmiş Birgə Bəyanatda, Nyu-York görüşündə isə Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu alması istiqamətində birgə diplomatik səylərin vacibliyi vurğulanıb.
Qəbələ Zirvə görüşündə təsis edilmiş TDT+ formatının üçüncü ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq üçün yeni imkanlar yaratdığı bildirilib.
Nazir Ceyhun Bayramov çıxışının sonunda Azərbaycan sədrliyi dövründə göstərilən dəstəyə görə üzv və müşahidəçi dövlətlərə, Təşkilatın Baş katibinə və Katibliyinə təşəkkürünü bildirib və Türkiyənin qarşıdan gələn sədrliyi dövründə uğurlar arzulayıb.




No Comment! Be the first one.